“Neftçi” komandasının Ukraynada fəaliyyət göstərən fan-klubu bu ölkədə təbliğat kampaniyasını davam etdirir.
AZƏRTAC xəbər verir ki, fan-klub Ukraynada növbəti uğura imza atıb. Tanınmış müalicə-kurort məkanlarından olan Truskavetsin meri Andrey Kulçinski fan-klubun bu şəhər üzrə fəxri sədri seçilib.
Ukraynada fəaliyyət göstərən “Neftçi” fan-klubunun prezidenti, Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov mer ilə görüşdə ölkəmizdə idmana göstərilən dövlət qayğısından və atletlərimizin beynəlxalq arenada qazandıqları nailiyyətlərdən danışıb. Ölkəmizdə futbolun inkişafı istiqamətində həyata keçirilən layihələr haqqında danışan E.Məmmədov deyib: “Azərbaycanda idmanın digər növləri kimi, futbol da inkişaf edir. “Neftçi” isə ölkəmizin ən köklü klublarından biridir. Gənc futbolçuların yetişməsində klubun xidmətləri əvəzsizdir. Artıq komandanın Ukraynada da çoxlu azarkeşləri var. Sevindirici haldır ki, ukraynalı azarkeşlər Bakı klubu ilə maraqlanır və matçlarını hər zaman diqqətdə saxlayırlar”.
A.Kulçinski Azərbaycan idmanının Ukraynada təbliğini yüksək qiymətləndirdiyini və əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.
Sonra fan-klubun Truskavetsdə fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda E.Məmmədov şəhər merinə “Neftçi” futbol komandasının formasını hədiyyə edib.
ТОП коментованих за тиждень